Accessibility links

Zelenski Çernobıl AES-nın ildönümündə Rusiyanın yaratdığı radiasiya təhlükəsindən danışıb


Ukrayna prezidenti Volodimir Zelenski cümə günü, ölkədə 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş fəlakətin ildönümü qeyd edildiyi bir vaxt, Rusiyanın nəhəng AES-i ələ keçirməsinin radiasiya fəlakəti təhlükəsi yaratdığı barədə xəbərdarlıq edib.

Rusiya qüvvələri Ukraynanın cənubundakı Zaporijye Atom Elektrik Stansiyasını (ZAES) 2022-ci ildə hərbi müdaxiləsinin ilk günlərində ələ keçirib.

Hər iki tərəf müntəzəm olaraq bir-birini Avropanın ən böyük nüvə obyektində təhlükəsizliyi təhlükə altına almaqda ittiham edir.

"ZAES-nın azad edilməsi və tam Ukraynanın nəzarətinə qaytarılması, eləcə də Ukraynanın bütün nüvə obyektlərinin Rusiyanın zərbələrindən qorunması üçün Rusiyaya təzyiq göstərmək bütün dünyanın məsuliyyətidir", o əlavə edib.

"Bu, Rusiya işğalçılarının Zaporijye Atom Elektrik Stansiyasında mövcudluğunun daim təhdid etdiyi yeni radiasiya fəlakətinin qarşısını almağın yeganə yoludur" Zelenski bildirib.

Bu çağırış o zaman Sovet İttifaqının tərkibində olan Ukraynanın şimalındakı Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan 38 il sonra edilib.

Dünyanın ən dəhşətli nüvə fəlakəti hesab edilən qəza Ukrayna, Belarus və Rusiyanın geniş ərazilərini çirkləndirmiş, Qərbi Avropanın əraziləri də radiasiyaya məruz qalmışdı.

Zelenski cümə günü "Çernobıl faciəsi ölümcül təhlükələrin nə qədər sürətlə baş verə biləcəyini nümayiş etdirdi" deyib.

Rusiya qoşunları Zaporijye stansiyasına 2022-ci ilin mart ayının əvvəlindən nəzarət edir.

Zaporijye Atom Elektrik Stansiyasına müfəttişlər göndərən Beynəlxalq Atom Enerjisi Agentliyi stansiyada təhlükəsizliklə bağlı narahatlığını ifadə edib.

Moskva Ukraynanı elektrik stansiyasını pilotsuz təyyarələrlə vurmaqda ittiham edir, Kyiv isə Moskvanın obyekti hərbiləşdirdiyini və onu "girov" saxladığını bildirir.

Forum

XS
SM
MD
LG